пятница, 4 марта 2011 г.

Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin ildönümü


2 mart 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Azərbaycanın BMT- yə üzv qəbul edilməsinin ildönümü münasibəti ilə məlumatlandırıcı tədbir keçirilmişdir.
Tədbirdə əsasən gənclər, blogcular, müəllim və kitabxanaçılar olmaqla 14 nəfər  iştirak  edirdi. Tədbiri giriş sözü ilə açan Mərkəzi Kitabxananın baş biblioqrafı Vəzifə Xuduyeva dedi ki,  1992-ci il martın 2-də Azərbaycan keçmiş SSRİ-nin daha yeddi respublikası ilə birlikdə dünyanın ən mötəbər təşkilatının sıralarında yer alıb.
BMT üzvülüyü müstəqil dövlət üçün beynəlxalq aləmdə tanınmağın başlıca şərtdir. Bu gün dünyanın 192 ölkəsi BMT-nin üzvüdür.
Təşkilata üzvlük üçün müraciət edən, lakin buna nail olmayanlar da var. Bu sıraya, ilk növbədə, bizim separatçı kimi tanıdığımız, beynəlxalq hüquqda isə «tanınmamış dövlət»lər kimi təsnifatlandırılan ölkələr, daha dəqiqi, bölgələr aiddir.
Hərçənd ABŞ başda olmaqla dünyanın onlarla ölkəsi ilə münasibət quran Tayvanı (Çinin keçmiş ərazisi), yaxud dünyanın 50-dən çox ölkəsinin rəsmən tanıdığı Kosovonu (Serbiyanın separatçı bölgəsi) «tanınmamış dövlət» olaraq xarakterizə etmək çətindir.
Amma BMT üzvlüyünə yol təşkilatın Təhlükəsizlik Şurasının beş daimi üzvünün (ABŞ, Rusiya, Fransa, Britaniya, Çin) razılığından keçdiyi üçün yaxın perspektivdə istər Tayvanın, istər Kosovonun, istərsə də bu beşliyin ortaq dəstəyini almamış başqa birisinin quruma üzv olması mümkün görünmür.
Məhz çeşidli münaqişələr səbəbindən bir sıra ölkələrin BMT-yə qəbulu illərlə ləngiyib. Məsələn, Şimali Koreya (KXDR) və Cənubi Koreya (Koreya Respublikası) 1950-ci ildən davam edən münaqişə üzündən yalnız 1991-ci ildə BMT sıralarına qəbul edilib.
Elə ölkələr də var ki, uzun illər BMT üzvlüyünə heç ehtiyac duymayıb. Avropanın ən rifahlı və uzun dövlətçilik tarixinə malik ölkələrindən olan İsveçrə yalnız 2002-ci ildə keçirilmiş referendumdan sonra əhalisinin yarıdan çoxunun istəyi ilə BMT sıralarına qoşulub.
Azərbaycan kimi yeni müstəqillik qazanmış ölkələr üçün isə BMT üzvlüyü bu müstəqilliyin təsdiq olunması üçün müstəsna şərtlərdən biri idi. Amma tarixin gərdişi elə gətirdi ki, ölkəmiz Birləşmiş Millətlərin sırasına qatılanda, bayrağımız BMT-nin Nyu-Yorkdakı binası önündə dalğalanmağa başlayanda bu hadisəyə sevinmək şansımız olmamışdı. Çünki BMT-yə üzv qəbul olunmağımız barədə xəbəri Xocalı faciəsinin acısı içində eşitmişdik. 1992-ci il martın 2-si Azərbaycanda Xocalı qətliamı ilə bağlı elan edilmiş üçgünlük rəsmi matəmin sonuncu günü idi.
18 il öncə Azərbaycan üçün BMT-yə üzv olmaq, ilk növbədə, ən böyük dərdini, Ermənistan tərəfindən məruz qaldığı hərbi təcavüzü dünyanın diqqətinə çatdırmaq baxımından önəmli idi. Üstündən bu qədər zaman ötəndən sonra biz yenə BMT-yə və bütövlükdə beynəlxalq təsisatlarla münasibətlərimizə həmin prizmadan, Qarabağ pəncərəsindən baxmaqdayıq.
Amma bu illərin bir əlamətdar nəticəsi də var. O da ondan ibarətdir ki, biz bu illərdə, nəhayət, beynəlxalq hüqüq və ədalətə bəslədiyimiz ümidlərin xeyli dərəcədə illüziya olduğunu, BMT də daxil olmaqla, bütün beynəlxalq qurumlarda çox şeyin böyük mənafelərin fonunda cərəyan etdiyini dərk etmişik. Yeri gəlmişkən, 18 il öncə Azərbaycanın (və digər sovet respublikalarının) BMT-yə qəbulu da beynəlxalq müstəvidəki qlobal geosiyasi bazarlaşmanın bir epizodu sayıla bilər.
Xatırladaq ki, Azərbaycanın Ali Soveti hələ 1991-ci il oktyabrın 29-da üzvlüklə bağlı BMT-yə müraciət etmişdi. BMT Təhlükəsizlik Şurası isə 1991-ci ilin sentyabrında keçmiş SSRİ-nin üç Baltikyanı respublikasını (Latviya, Litva, Estoniya) üzvlüyünə razılıq verəndən sonra qalan respublikaların məsələsini bir qədər sonraya saxlamağı, başqa sözlə, Sovet İttifaqının rəsmi süqutunu gözləməyi qərara almışdı. Digər yandan, BMT-də əsas söz sahibi olan ABŞ bu arada Moskva (SSRİ-nin varisi Rusiya) ilə sovet nüvə arsenalının aqibəti ilə bağlı bazarlığı sona çatdırmaq istəyirdi.
Onu da qeyd edək ki, 1991-ci ilin dekabrında SSRİ-nin süqutu ilə üç respublika - Rusiya, Ukrayna, Belarus avtomatik olaraq BMT-nin üzvü oldular. Çünki 1945-ci ildə BMT təsis olunarkən Sovet İttifaqı rəhbəərliyi bu üç slavyan respublikasının adını formal olaraq təsisçilər sırasına yazdırmışdı.
BMT-nin internet saytına nəzər salsaq, orada Rusiya, Ukrayna və Belarusun 1945-ci ildən təşkilatın üzvü olduğunu görərik. Beləliklə, üç slavyan və üç Baltikyanı respublikaları çıxandan sonra yerdə keçmiş ittifaqın 9 respublikası qalmışdı.
Nəhayət, 1992-ci il martın 2-də BMT Baş Assambleyası 46-cı sessiyanın toplantısını davam etdirərək keçmiş SSRİ-nin 8 respublikasının (Azərbaycan, Ermənistan, Moldova, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistan) üzvlüyə qəbulu barədə qərar qəbul etdi. Gürcüstanın təşkilata qəbulu bir neçə ay sonraya saxlanıldı. 1992-ci ilin yanvarında Zviad Qamsaxurdia iqtidarının devrilməsindən sonra Gürcüstanda legitim hakimiyyət bərqərar olmadığından (ölkəni Dövlət Şurası adlı qurum idarə edirdi) BMT Baş Assambleyası bir gözləməyi lazım bildi və Gürcüstan təşkilata 1992-ci il iyulun 31-də qəbul edildi.
BMT-də üzvlüyümüzün ötən 18 ilini xüsusi vərəqləməyə lüzum yoxdur. Bu tarixi, necə deyərlər, göz qabağındadır.
1992-ci il mayın 6-da Azərbaycanın BMT-nin mənzil-qərargahında daimi nümayəndəliyi (nümayəndəliyin ilk rəhbəri Həsən Həsənov idi) fəaliyyətə başlayandan bu yana ölkəmizin təşkilatda əsas fəaliyyəti Qarabağ problemi, beynəlxalq birliyin diqqətini Ermənistanın işğalçılıq siyasətinə cəlb etməklə bağlı olub. BMT isə, necə deyərlər, dərdimizi dinləyib, qətnamələr qəbul edib, beynəlxalq vasitəçilik missiyasını ATƏT-ə həvalə edib, o da öz növbəsində Minsk Qrupunu dövrəyə salıb, beləcə toplantılar, zirvələr bir-birini əvəzləyib.
1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı dörd qətnamə qəbul edərək Azərbaycanın ərazi toxunulmazlığını təsdiqlədi, işğalçı qüvvələrin tutduqları torpaqlardan qeyd-şərtsiz çıxmasını tələb etdi. Lakin həmin sənədlərdə başlıca məqam - bu işğalın konkret olaraq Ermənistan dövləti tərəfindən həyata keçirilməsi faktı gözardı edilmişdi.
Məcburi xarakteri və icra mexanizmi olmayan bu qətnamələr, illərdir ki, kağız üzərində qalmaqdadır. 2008-ci il martın 14-də BMT Baş Assambleyasının 62-ci sessiyasında qəbul olunan «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında» qətnamə barədə də eyni sözləri demək olar. Qətnamə 39 səs lehinə, 7 əleyhinə və 100 bitərəf olmaqla qəbul edilsə də, Qarabağ məsələsində vasitəçi olan Rusiya, ABŞ və Fransanın sənədin əleyhinə çıxması onun faktiki qüvvəsini də heçə endirib.
Bir sözlə, BMT-dəki üzvlüyümüzün illəri bir-birini əvəzlədikcə bu təşkilatın və bütövlükdə beynəlxalq birliyin Qarabağ probleminin həllindəki «imkanları»nı da daha real qiymətləndiririk. Bu üzdən Ermənistanın niyə BMT-nin qətnamələrini vecinə almamasını, BMT-nin də bu ölkəyə "Niyə beynəlxalq hüququ və BMT-nin Nizamnaməsini saya salmırsan?" deməməsini artıq təbii qarşılayırıq.
Yeri gəlmişkən, BMT Nizamnaməsinin 2-ci maddəsində yazılıb ki, təşkilata üzv dövlətlərin bir-birinin suverenliyinə, sərhəd toxunulmazlığına qəsd etməsi yolverilməzdir. 6-cı maddədə isə yazılıb ki, BMT Nizamnaməsinin prinsiplərini sistematik olaraq pozan ölkə Təhlükəsizlik Şurasının təqdimatı və Baş Assambleyanın qərarı ilə təşkilatdan xaric edilə bilər.
Nəhayət, BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, Azərbaycana məruz qaldığı işğala son qoymaq üçün hərbi gücə əl atmaq hüququna malikdir.
Tədbir maraqla qarşılandı.


среда, 23 февраля 2011 г.

Sığorta haqqında nə bilirik


23 fevral 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində “Sığorta haqqında nə bilirik mövzuna həsr olunmuş növbəti meydan tədbiri keçirilmişdir.
Meydanda əsasən 22 nəfər olmaqla QHT nümayəndəsi Regional Qadın Hüquqları Mərkəzinin sədri Nəzakət Səmədova, İşıq qəzetinin jurnalisti Yaqut Vafiq qızı , Qarasu Əməliyyat Şirkətindən İbrahim Məmmədov, Kitabxanaçılardan  Məmmədova Məlahət, Alxaslı Mehriban gənclər, Şirvan Dövlət Humanitar və İqtisadiyyat kollecinin  tələbələri,  18 saylı  məktəbdən İradə Əhmədova  və icma müxtəlif təbəqələrindən olan insanlar iştirak edirdi.
Tədbirə ekspert qismində Şirvan Dövlət Sığorta Şirkətindən Fazilə Əsgərova dəvət olunmuşdur.

Tədbiri giriş sözü ilə açan İcma Məlumat Mərkəzinin administratoru   sığorta haqqında insanların az məlumatlı olmasından bəhs etdi və  sözü Şirvan  Dövlət Sığorta Şirkətinin nümayəndəsinə verdi.
Fazilə xanım qeyd etdi ki, Sığorta şəxslərin müxtəlif xarakterli risklərini başqa bir şəxsə – Sığorta Şirkətinə nəql etmə formasıdır. Sığorta müqaviləsinə görə sığortaçı müqavilədə nəzərdə tutulan hal – sığorta hadisəsi baş verən zaman sığortalıya müqavilədə nəzərdə tutulan məbləği ödəməyi, sığortalı isə müqavilənin dəyərini – sığorta haqqını ödəməyi öhdəsinə götürür.
Sığorta müəssisə, təşkilat və əhalinin hesabına xüsusi fondların yaradılmasından və həmin fondların təbii fəlakət, bədbəxt hadisə və digər xoşagəlməz hallar zamanı onların əmlakına, həyat və sağlamlıqlarına dəyən zərərin əvəzini ödəmək məqsədilə istifadə olunmasından ibarət olan iqtisadi münasibətlər sistemidir. Sığortada hər zaman iki tərəf mövcud olmalıdır: həmin fondların yaradılması və istifadəsi ilə məşğul olan müxtəlif təşkilati-hüquqi formalı hüquqi şəxs, yəni sığorta şirkəti (sığortaçı) və adı çəkilən fonda müəyyən olunmuş vəsaitləri ödəyən və sığortalanan hüquqi və fiziki şəxslər, başqa sözlə Sığortalılar. Bunlardan əlavə, sığorta münasibətlərinin iştirakçısı qismində sığorta olunanlar, fayda əldə edənlər (sığorta hadisəsi zamanı sığorta ödənişini almaq üçün təyin olunan şəxs) də çıxış edə bilərlər. Bizim Şirkətdə müxtəlif növ sığortalardan əhalini sığortalayır.
Tədbir iştirakçısı Regional Qadın Hüquqları mərkəzinin  sədri Nəzakət Səmədova insanların və əmlakların sığortalanması çox vacib olduğunu qeyd etdi. Mənim xalam oğlunun bu yaxınlarda qaz sızmasından evi yandı  ev sığortalı olmadığı üçün heç bir köməklik olmadı . Əgər vaxtında evini sığorta etdirsəydi bu cür problemlərlə rastlaşmazdı. Bu həmçinin insanların həyatının, sağlamlığının da sığorta olunmasına da aiddir 
Qarasu Əməliyyat Şirkətinin mühafizəçisi İbrahim Məmmədov da sığortanın vacibliyini qeyd etdi və dedi ki, onun tibbi sığortası var. Bu yaxınlarda onun əlində yüngül burxulma olmuşdu. Həmin sığortanın nəticəsində mən tam tibbi yardım aldım.
İşıq qəzetinin jurnalisti Yaqut Vafiq qızı sizin şirkətdə İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edirsinizmi  sualına Fazilə xanım dedi ki, bu sığortanı Qala sığorta və Atəşgah sığorta şirkətləri sığortalayır. Amma bu sığorta növü də çox vacib sığortalardan biridir.
18 saylı saylı məktəbin ingilis dili müəlliməsi İradə Əhmədova isə qeyd etdi ki, sovet dövründə edilən bir çox sığortalar öz əhəmiyyətini itirdiyinə görə insanların sığorta şirkətlərinə inamları yoxdur. Sığortalananlar öz sığortalarını ala bilirlərmi sualına Fazilə xanım cavab verdi ki, hər bir sığortalanan şəxs öz sığortasını qanun çərçivəsində ala bilər. Əgər sığortanın alınmasında problem olarsa o, məhkəməyə müraciət edə bilər.
Meydan tədbiri çox maraqlı keçdi. İcma üzvləri sığorta haqqında  bilmədiklərini öyrəndilər. Tədbirdə iştirak edən Elvin Hüseynov  evini sığorta etmək üçün Fazilə xanıma müraciət etdi.

Beynəlxalq Ana dili günü


21 fevral 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Beynəlxalq Ana Dili gününə həsr olunmuş məlumatlandırıcı tədbir keçirilmişdir.
Tədbirdə əsasən gənclər , tələbələr, kitabxanaçılar olmaqla 12 nəfər iştirak edirdi.
Tədbirə ekspert qismində Şirvan şəhər 21 saylı  orta məktəbin Azərbaycan dili müəlliməsi Püstə Babayeva dəvət olunmuşdur. Püstə müəllimə Beynəlxalq Ana dili gününün yaradılması tarixindən bəhs edərək dedi ki, “1999-cu ilin noyabrında keçirilmiş YUNESKO-nun Baş konfransının qərarı ilə 21 saylı fevral  Beynəlxalq Ana Dili günü elan edilmişdir.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli  və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində , dünyagörüşünün  genişlənməsində , mükəmməl təhsil almasında , öz soydaşları ilə  ünsiyyət qurmasında mühüm rol oynayır .”
Tədbirdə iştirak edən gənc İbrahim Məmmədov isə qeyd etdi ki, Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı , tərcümə vasitəsilə başqa xalqların  mədəni irsi ilə tanış olmağa , onlarla ünsiyyət qurmağa imkan yaradır.
Tədbirdə iştirak edənlər ana dilini qorumağın zəruri olduğunu qeyd etdilər.
Kitabxanaçı Məlahət Məmmədova isə Ana dili haqqında yazılmış şerlərdən bəzi parçaları  ucadan oxudu.
Tədbir maraqla qarşılandı .

понедельник, 14 февраля 2011 г.

Müqəddəs Valentin günü



14 fevral 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Müqəddəs Valentin gününə həsr olunmuş məlumatlandırıcı tədbir keçirilmişdir.
Tədbirdə 12 nəfər olmaqla əsasən gənclər iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan fəal gənc Səidə Əzizova qeyd etdi ki, indi dünyanın əksər ölkələrində Müqəddəs Valentin günü qeyd edilir. Bizim ölkəmizdə Müqəddəs Valentin günü  Sevgililər günü  kimi də qeyd olunur.
Sevgilər gününün başlanğıc tarixi qədim Roma imperatorluğuna qədər uzanır. Qədim Romada 14 fevral günü bütün Roma xalqı üçün önəmli bir gün idi. Çünki bu gündə Roma “tanrı”larının kraliçası olan Junoya duyulan hörmətdən dolayı tətil olardı. Juno həm də Roma xalqı tərəfindən qadınlıq və evlilik “tanrı”sı olaraq da bilinirdi. 15 mart tarixində isə Luperkalia bayramı başlayırdı.
Bu bayram, xalqın gəncləri üçün böyük önəm daşıyırdı. Hansı gənc oğlanın hansısa bir qızla bir yerdə olacağı Luperkalia bayramında bəlli olurdu.
Romalı gənc qızlar adlarını kiçik bir kağıza yazıb bir qabın içərisinə atırdılar. Oğlanlar isə oradan adlardan birini götürərdilər. Beləliklə də, bu bayramı adı kağızda yazılan həmin qızla bir yerdə keçirərdilər. Bir yerdə olan gənclərdən bir çoxları bayramdan sonra ailə qurardılar.
Roma imperatoru 2-ci Kladius Romanı öz qanunları ilə idarə edən zalım bir hökmdar idi. Ordusu üçün savaşan əsgər tapmaq onun üçün ən böyük bir problem idi. İmperatora görə, buna səbəb romalı kişilərin sevdiklərini və ailələrini tərk etməmək istəkləri idi.
Buna görə də, o, Romadakı bütün evlilikləri ortadan qaldırdı. Valentin də o zaman Romada yaşayan bir rahib idi. Özü kimi bir rahib olan Marius ilə birlikdə, imperatorun qadağasına baxmayaraq, gəncləri evləndirməyə gizlicə davam edirdilər. Bir müddət sonra imperatora bu xəbər gəlib çatır. Gəncləri evləndirdiyinə görə Valentin həbs edilir və sonra öldürülür. Miladdan sonra 269-cu il 14 fevralında Valentinin dəfni olur. Bu ərəfədə bütpərəstlər Romada fevral ayında öz “tanrı”ları üçün qeyd edilən Luperkalia bayramını keçirirdilər.
Xristian kilsəsinin ilk qurulduğu dövrlərdə xidmət edən rahiblər, bu mərasimlərdən, xüsusilə də evlənməmiş gənclərin bütpərəstlərlə birlikdə xatırlanmasından rahatsız olduqları üçün bir çıxış yolu tapdılar. Luperkalianın başladığı günü “Valentin günü” olaraq bayram etməyə başladılar.
Bizim ölkəmizdə əsasən sevglilər bir-birini müxtəlif hədiyyələrlə və güllərlə təbrik etməklə qeyd edirlər.
            

Həyatımızı televiziyasız təsəvvür edə bilərikmi?


14 fevral 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində  Azərbaycan televiziyasında ilk verilişin yayımlanmasının 55 illiyi münasibəti ilə “Həyatımızı televiziyasız təsəvvür edə bilərikmi?” mövzusuna həsr olunmuş diskussiya  keçirilmişdir.
Tədbirdə əsasən gənclər və tələbələr, jurnalistlər olmaqla 15 nəfər iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan jurnalist Yaqut Vafiq qızı qeyd etdi ki,  indi gənclər də, uşaqlar da , hətta qocalar da öz həyatını televiziyasız təsəvvür edə bilmir. İndi Azərbaycan məkanında bütün evlərdə televiziya qurğusu, hətta rəqəmsal qurğular var .
  Azərbaycanda ilk televiziya verilişi 1956-cı il fevralın 14-də fəaliyyətə başlamışdır. Bakı televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı və telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanıb. İlk veriliş günü ekranda Nəcibə Məlikova göründü və çıxışına "Göstərir Bakı!" kəlməsi ilə başladı. Həmin gün ekranda Bəxtiyar bədii filmi nümayiş etdirildi.
Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxdı. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından orada işləməyə radio,  qəzet və teatrəməkdaşları dəvət edildilər. 70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi. 1956-cı ildə teleqüllənin inşası hələ başa çatmamışdı. Ona görə də Bakı studiyasının ötürücüsü 44 metrlik adi neft buruğunda quraşdırılmışdı. 1957-ci ildə hündürlüyü 180 metr olan qüllə istifadəyə verildi. O zaman qüllənin vasitəsilə ötürülən verilişlərə yalnız paytaxtda və onun ətrafında baxmaq mümkün idi. Proqram saatının artırılması, qabaqcıl texnologiyanın rabitə və telekommunikasiya sistemində tətbiq olunması yeni teleqüllənin ucaldılmasını tələb edirdi. 1979-cu ildə Rabitə Nazirliyi Bakıda 310 metrlik teleqüllənin tikilməsi üçün fəaliyyətə başladı. Təməli 1981-ci ildə qoyulan yeni televiziya qülləsi 1996-cı il iyunun 7-də istifadəyə verildi. 2004-cü ilin fevralından başlayaraq AzTV-nin proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edildi. Bu məqsədləTeleradio İstehsalat Birliyinin mütəxəssisləri teleqüllə kompleksində yeni rəqəmsal TV – Up-link stansiyasını quraşdırdılar. İndi Azərbaycan televiziyasının verilişləri həmin stansiyadan Avropaya "Hot Bird" və "SESAT", Şimali Amerikaya "Galaxy 25",  Asiyaya "Turksat 1C" peykləri vasitəsilə yayılır. 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə Azərbaycan Televiziyası "Avropa keyfiyyəti" medalına layiq görülmüşdür
Tədbir iştirakçısı Şirinova Günay qeyd etdi ki, həyatımızı televiziyasız təsəvvür etmək qeyri-mümkündür. Biz istəyirik ki, Azərbaycan televiziyasında gənclərin həyatına və problemlərinə, həsr olunmuş verilişlər daha çox olsun.
Lalə Mehdiyeva isə qeyd etdi ki, intellektual verilişlər daha çox olsa gənclərin maariflənməsinə faydalı olar.

Hüquqi yardım


 11 fevral 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində ABA CEELİ-nin USAİD tərəfindən dəstəklənən “Səyyar Hüquqşünaslar Proqramı”nın iştirakı ilə Hüquqi məsləhətə ehtiyacı olan vətəndaşlar üçün pulsuz hüquqi yardım göstərilmişdir.
Hüquqi yardımı ABA CEELİ-n hüquqşünası Sevinc Əliyeva göstərmişdir.
Sevinc Əliyeva  qeyd etdi ki, Bütün göstərilən və səfər edilən regionlarda səyyar hüquqşünaslar bir çox ümumi problemlərlə rastlaşmışlar. Xüsusilə, torpaq mübahisələri, vərəsəlik məsələləri, sosial xidmətlərdəki problemlər və cinayət hüququ ilə bağlı məsələlərlə demək olar ki, bütün regionlarda qarşılaşılır. Biz çox hüquqi məsələlər öz hüquqları barədə kifayət qədər məlumatı olmayan vətəndaşların sadəcə maarifləndirilməsi ilə həll olunursa, bəzi işlər üzrə davamlı araşdırma və səy tələb olunur. Bu cür hallarda Bakı şəhərində yerləşən ABA-ın Hüquqi Yardım Mərkəzinin hüquqşünasları Səyyar Hüquqşünaslar tərəfindən yönləndirilən və ya onların müştərilərə konsultasiyaları nəticəsində mərkəzə ünvanlanan istənilən işin araşdırılması və sonadək aparılmasına hazırdırlar.
Müraciət edən Zümrüd İslamova mülki hüquqla  və sosial təminatla bağlı,Əlimusəviyu Firuzə mülki hüquqla bağlı məsləhət aldılar.
Musayev Məmməd Cinayət hüquqi ilə maraqlanmış və məsləhət almışdır.
Mustafayeva Aygün isə Kür çayının daşması zamanı evlərinin qəza vəziyyətinə düşməsi nəticəsində  heç bir konpensasiya verilmədiyindən, bu və bu konpensasiyanı almaq üçün  hansı təşkilatlara müraciət etmək haqqında məsləhət aldı.
Belə tədbirlərin təşkili istifadəçilər tərəfindən maraqla qarşılandı və aldıqları məsləhətlərə görə öz təşəkkürlərini bildirdilər





среда, 9 февраля 2011 г.

Beynəlxalq Stomatoloqlar günü


9.02.2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Beynəlxalq Stomatoloqlar gününə həsr olunmuş tədbir keçirilmişdir.
            Tədbirdə nəfər olmaqla qadın və kişi iştirak edirdi.
            Tədbirə ekspert qismində Mərkəzi Xəstəxananın stomatoloqu Aynur Nəsirova dəvət edilmişdi.
            Tədbirə giriş sözü ilə başlayan Aynur xanım stomatologiya haqqında tədbir iştirakçılarına məlumat verərək bildirdi ki, insanlar gərək uşaq yaşlarında öz sağlamlıqları qayğısına qalsınlar. Ağız boşluğunda və dişlərdə olan problemlər  insanın bütün orqanizmlərinin sıradan çıxmasına səbəb olur. Çox vaxt insanlar ağız boşluğunda  olan  problemlərə əhəmiyyət vermir. Kiçik yaşlarından başlayaraq hamı öz dişlərinin və ağız boşluğunun sağlamlığına fikir  verməlidir.
            Həkim stomatoloq  ağız boşluğunda və dişlərdə olan xəstəliklər  haqqında məlumat verdi və onların müalicəsi haqqında da istifadəçilərə ətraflı məlumat verdi
            Tədbir iştirakçısı  Nəsibə Təhməzova diş ətinin qanamasından əziyyət çəkdiyini dedi və bu problemi aradan qaldırmaq üçün məsləhətlər aldı
            İştirakçılar ağız boşluğu və dişlərdə olan xəstəlikləri barədə məlumat verərək  onların müalicəsi haqqında məlumatlar aldılar
Fidan Əhədova qeyd etdi ki, bu cür maarifləndirici  tədbirlərin keçirilməsi çox faydalıdır. Bu tədbiri təşkil etdiyinə görə Şirvan İcma Məlumat Mərkəzinə və həkim stomatoloq Aynur Nəsirovaya öz təşəkkürümü bildirirəm.