14 fevral 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Azərbaycan televiziyasında ilk verilişin yayımlanmasının 55 illiyi münasibəti ilə “Həyatımızı televiziyasız təsəvvür edə bilərikmi?” mövzusuna həsr olunmuş diskussiya keçirilmişdir.
Tədbirdə əsasən gənclər və tələbələr, jurnalistlər olmaqla 15 nəfər iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan jurnalist Yaqut Vafiq qızı qeyd etdi ki, indi gənclər də, uşaqlar da , hətta qocalar da öz həyatını televiziyasız təsəvvür edə bilmir. İndi Azərbaycan məkanında bütün evlərdə televiziya qurğusu, hətta rəqəmsal qurğular var .
Azərbaycanda ilk televiziya verilişi 1956-cı il fevralın 14-də fəaliyyətə başlamışdır. Bakı televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı və telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanıb. İlk veriliş günü ekranda Nəcibə Məlikova göründü və çıxışına "Göstərir Bakı!" kəlməsi ilə başladı. Həmin gün ekranda Bəxtiyar bədii filmi nümayiş etdirildi.
Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxdı. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından orada işləməyə radio, qəzet və teatrəməkdaşları dəvət edildilər. 70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi. 1956-cı ildə teleqüllənin inşası hələ başa çatmamışdı. Ona görə də Bakı studiyasının ötürücüsü 44 metrlik adi neft buruğunda quraşdırılmışdı. 1957-ci ildə hündürlüyü 180 metr olan qüllə istifadəyə verildi. O zaman qüllənin vasitəsilə ötürülən verilişlərə yalnız paytaxtda və onun ətrafında baxmaq mümkün idi. Proqram saatının artırılması, qabaqcıl texnologiyanın rabitə və telekommunikasiya sistemində tətbiq olunması yeni teleqüllənin ucaldılmasını tələb edirdi. 1979-cu ildə Rabitə Nazirliyi Bakıda 310 metrlik teleqüllənin tikilməsi üçün fəaliyyətə başladı. Təməli 1981-ci ildə qoyulan yeni televiziya qülləsi 1996-cı il iyunun 7-də istifadəyə verildi. 2004-cü ilin fevralından başlayaraq AzTV-nin proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edildi. Bu məqsədləTeleradio İstehsalat Birliyinin mütəxəssisləri teleqüllə kompleksində yeni rəqəmsal TV – Up-link stansiyasını quraşdırdılar. İndi Azərbaycan televiziyasının verilişləri həmin stansiyadan Avropaya "Hot Bird" və "SESAT", Şimali Amerikaya "Galaxy 25", Asiyaya "Turksat 1C" peykləri vasitəsilə yayılır. 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə Azərbaycan Televiziyası "Avropa keyfiyyəti" medalına layiq görülmüşdür
Tədbir iştirakçısı Şirinova Günay qeyd etdi ki, həyatımızı televiziyasız təsəvvür etmək qeyri-mümkündür. Biz istəyirik ki, Azərbaycan televiziyasında gənclərin həyatına və problemlərinə, həsr olunmuş verilişlər daha çox olsun.
Lalə Mehdiyeva isə qeyd etdi ki, intellektual verilişlər daha çox olsa gənclərin maariflənməsinə faydalı olar.
Комментариев нет:
Отправить комментарий