пятница, 8 апреля 2011 г.

Satirik jurnallarımız bu gün


Şirvan İcma Məlumat mərkəzində Satirik jurnallarımız bu gün  mövzusuna həsr olunmuş dəyirmi masa keçirilmişdir. Dəyirmi masaya Şirvan sakini bir çox şerlərin müəllifi şair Səda Mətləb oğlu dəvət edilmişdi. İşıq jurnalının müxbiri Yaqut Vafiq qızı da tədbirdə iştirak edirdi.
                 Tədbiri giriş sözü ilə açan  şair dedi ki, Azərbaycan milli mətbuatının inkişafında ən uca zirvəni böyük demokrat , yazıçı və görkəmli ictimai xadim C. Məmmədquluzadənin (1869-1932) redaktorluğu ilə nəşr olunan “Molla Nəsrəddin “jurnalı təşkil edir.  “Molla Nəsrəddin “ jurnalı ilə Azərbaycan milli satirik jurnalının əsası  qoyulmuşdur.
                1906-cı il aprelin 7-də ( köhnə təqvimlə 20-də ) Azərbaycan mətbuatı tarixində ən önəmli hadisələrdən olan “Molla Nəsrəddin “ adlı həftəlik  satirik jurnalı Tiflisdə işıq üzü görmüşdür. Daima məhrumiyyətlərlə və çətinliklərlə üzləşən , çar senzurası tərəfindən təqib olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə,  1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə  Bakıda nəşr edilib. Redaktoru vəəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi ( 340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda ) çap olunmuşdur.
                Azərbaycan ədəbiyyatında böyük bir məktəb yaratmış “Molla Nəsrəddin jurnalı , eyni zamanda təsviri sənətimizdə də yeni bir məktəbin yaranmasına səbəb oldu. Bilavasitə  “Molla  Nəsrəddin “in təsiri nəticəsində Bakıda Azərbaycan dilində  “Bəhlul” (1907), “Zənbur”( 1910-1911)ç “Kəlniyyət”
(1912-1913), “L
ək-Lək” (1914), “Tuti” (1914-1917), “Məzəli” (1914-1915), “Babayi-Əmir” (1915-1916), “Tartan-partan”(1918), “Şeypur” (1918-1919), “Məşəl” (1919-1920) kimi illüstrasiyalı jurnallarla yanşı bu dövrdə  Azərbaycanda  rus dilində çoxsaylı satirik məcmuələr “Cigit” ( 1907-1918), “Vay-vay”  “ Bakinskie streli “ (1910), “Baraban” (1912-1913) və digərləri  nəşr olunurdu. Daha uzun ömürlü olan “Molla Nəsrəddin” jurnalı müəyyən fasilələrlə  1931-ci ilə qədər dərc olundu.
                Bu mübariz jurnal  Azərbaycan milli istiqlalına mütəşəkkil, nizamlı bir ordudan artıq xidmət göstərmişdir. Molla Nəsrəddin “ jurnalı Azərbaycan xalqının  milli dirçəliş ideyalarından  və səfərbərlik ruhundan yoğrulmuş mənalı bir istiqlal kitabıdır. Həftədə bir dəfə nəşr olunan  bu jurnal rəngli və şəkilli satura jurnalı idi. Onun səhifələrində ictimai bəlaların tənqid və ifşası əsas yer tuturdu. Hər sayı 8 səhifə olan olan jurnalda rəngli karikaturalara geniş yer verilirdi. Nasirlər  cəmiyyətdəki kəsirləri açıb göstərməklə doğma xalqın ictimai-siyasi şüurunu inkişaf etdirmək , onu dünyanın ən qabaqcıl , mədəni xalqları sırasına çıxarmaq istəyirdilər. Bunlardan başqa jurnalın səhifələrində gülməli xəbərlər, məktublar, elanlar, atalar sözləri, məsəllər, atmacalar  geniş  yer tuturdu.
 “Molla Nəsrəddin “Azərbaycan xalqının  mütərəqqi qüvvələrini, demokratik düşüncəli  insanlarını öz ətrafında toplaya bilmişdi.  Jurnalda Ömər Faiq  Nemanzadə , Mirzə Ələkbər Sabir,Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadı,  Mirzəli Möçüz və başqa şair , yazıçı və Jurnalistlər, o cümlədən O. Şmerlinq, İ. Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstərirdilər.
Səhifələrində beynəlxalq hadisələrə, imperialist dövlətlərin müstəmləkəçilik siyasətinin tənqidinə, Şərq xalqlarının azadlıq uğrunda mübarizəsinə geniş yer verən  “Molla Nəsrəddin” jurnalının şöhrəti  Rusiyanın , Qafqazın, Orta Asiyanın hər yerinə Yayılmış, türk müsəlman xalqlarının ictimai-siyasi inkişafında  əhəmiyyətli rol oynamışdır. Jurnal İran , Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrə də yayılaraq oradakı xalqların sosial-mədəni tərəqqisinə xeyirli təsir göstərmişdir.
Jurnalist Yaqut Vafiq qızı isə dedi ki, Yeni mərhələ və yenidən tanışlıq bir daha göstərir ki, “ Molla Nəsrəddin “jurnalı təkcə öz dövründə deyil , bütün zamanlar üçün aktual və müasirdir.
Tədbirdə iştirakçılar satiranın güclü silah olduğunu qeyd etdilər.
Tədbir iştirakçıları onu da qeyd etdilər ki indi satirik jurnalların yayılması o qədər də qənaətbəxş deyil. Tədbir iştirakçıları arasında  müasir dövrdə hansı satirik jurnalların çap olunduğunu və yayıldığı haqqında sorğu keçirildi. Sorğuların cavablandırılmasında iştirakçılar  çətinlik çəkdilər.
Sonda Səda Mətləb oğlunun şerləri səsləndi.

Комментариев нет:

Отправить комментарий