понедельник, 16 мая 2011 г.

Tibb bacıları günü

12 may 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində tibb bacıları gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə əsasən gənclər, tələbələr, mədəniyyət işçiləri və əsasən də tibb baçıları olmaqla 15 nəfər iştirak edirdi. Tədbirdə çıxış edənlər qeyd etdi lər ki, Əksər peşə sahibləri üçün ümumdunya səviyyəsində qeyd edilən əlamətdar günlər mövcuddur. 1971-ci ildən başlayaraq 12 may tarixi Tibb bacılarının ümumdunya günü kimi qeyd edilir. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda orta tibb işçiləri həmin tarixi qeyd etmirlər.
Statistikaya əsasən hazırda Azərbaycanda 62 minə yaxın orta tibb işçisi fəaliyyət göstərir ki, bunun da 33 mindən çoxu tibb bacısıdır. İndi ölkədə hər 10 min nəfərə 39-40 tibb bacısı düşür. Azərbaycandakı təhsil müəssisələri hər il 850-ə yaxın tibb bacısı ixtisaslı kadr buraxır. Ölkəmizdə tibb bacılarının maddi durumu yaxşı deyil, onlar aldıqları maaşla dolana bilmirlər. Tibbi bacıları respublika üzrə orta aylıq əmək haqqından xeyli az maaş alırlar-

12 may Tibb bacıları günüdür. İngilis tibb bacısı Florens Naytinqeylin şərəfinə təsis olunan və 1971-ci ildən etibarən qeyd edilən 12 may tarixi Beynəlxalq Qırmızı Xaç Komitəsinin qərarına əsasən təsis olunub. Həmçinin, komitənin 1912-ci ildə keçirilən 9-cu konfransında yaralı əsgərlərə kömək edən tibb bacılarını təltif etmək üçün təsis edilmiş medala “Florens Naytinqeyl” adı verilib. Həmin konfransdan bəri səhiyyə sahəsində 40 ildən çox təcrübəsi olan, Qızıl Xaç və ya Qızıl Aypara Cəmiyyəti ilə fəal əməkdaşlıq edən, xüsusən döyüş bölgələrində çalışan tibb bacıları “Florens Naytinqeyl” medalı ilə təltif olunur

Əsilzadə... tibb bacısı
Varlı, yüksək təbəqəyə mənsub və səviyyəli əlaqələrə sahib bir ingilis ailəsi olan Naytinqeyllərin qızı olaraq, Böyük Toskana Hersoqluğuna tabe olan gözəl və möhtəşəm Florensiya şəhərində doğuldu. Hələ çox balaca olduğu vaxtlardan mənəviyyat sahəsinə maraq göstərdi. Valideynlərinin bütün etirazlarına baxmayaraq, tibb bacısı olmaq istəyirdi. Əsilzadəlik və tibb bacılığı!.. Bu o dövrdə əsilzadə ailələri üçün qəbuledilməz idi və ailəsi də tamamilə onun bu arzusuna qarşı idilər. Lakin tibb bacısı olmaq arzusu gənc qızın qəlbini fəth etmişdi. Onun statusuna sahib olan bir qadın üçün, üzərinə götürdüyü iş, bəlkə də ona layiq görülən “həyat yoldaşı” və “ana” rollarına üsyan mahiyyətində idi! O dövrdə tibb bacılığı yoxsul qadınların və başqa çarəsi olmayanların seçdiyi bir iş kimi qəbul edilirdi. Lakin Florens anasının qəzəbinə və maneçilik törətməsinə baxmayaraq, tibb bacısı olmaq qərarından əl çəkmədi.

1844 -cü ildə dövlətin yardımıyla yaşayan bir yoxsulun Londondakı xəstəxanalardan birində ölməsi, ictimai qalmaqala səbəb oldu. Bu qalmaqal Florensdə seçdiyi yolda nə qədər haqlı olduğu qənaətini daha da möhkəmləndirdi. Tibb xidməti sahəsində vəziyyət acınacaqlı idi. Naytinqeyl, tibbi imkanların inkişaf etdirilməsini və xəstəxanalarda şəraitin yaxşılaşdırılmasını tələb edənlərin qabaqcıllarından oldu.
O, xəstələrin necə müalicə olunduğunu öyrənmək üçün 1850-ci ildə kilsəyə getdi. Florens burada xeyriyyəçilik işləriylə məşğul olan qadınların xəstələri necə müalicə etdiklərini müşahidə etdi. Qazandığı təcrübə, onun həyatında dönüş nöqtələrindən biri oldu. İlk öncə öyrəndiklərini, “Kilsədə fəaliyyət göstərən qadınlar üçün müalicədə praktik üsullar” adlı bir kitabda topladı. O, tibb bacılığı ixtisasının kitabını yazmaq qərarına gəlmişdi…
Şəfqət və şəfqətli Bacı
Krım müharibəsi, Florens Naytinqeylin şöhrətinin surətlə artdığı və onun tibb bacılığı ixtisası üçün yeni bir istiqamət müəyyənləşdirdiyi bir hadisə oldu. 1854-cü ilin mart ayında İngiltərə və Fransa Rusiyaya müharibə elan etmişdilər. Sentyabr ayında isə müttəfiq orduları Krıma çıxmışdı. Qanlı döyüşlər gedirdi. “Tayms” qəzetində cəbhədəki ingilis səhra hospitallarındakı yaralılar barəsində dəhşətli xəbərlər dərc edilirdi. Müharibə naziri Sidney Herbert, mövcud duruma etirazını bu sözlərlə bildirmişdi: “Nə üçün bizim şəfqətli tibb bacılarımız yoxdur?” Nazir bu iş üçün ən əlverişli adama məktub yazaraq onu iş başına çağırdı… Onu… Florens Naytinqeyli…
Nazir ən doğru qərarı qəbul etmiş və ən doğru insana müraciət etmişdi. 1854-cü ilin oktyabr ayında Naytinqeyl və onun yetişdirməsi olan 38 könüllü tibb bacısı İstanbuldakı ingilis hərbi düşərgəsinə gəldi. Üsküdarda yerləşən Səlimiyyə kazarmasına gələn Naytinqeyl, burada durumu çox ağır olan yaralı əsgərlərlə qarşılaşdı. Sayca az olan tibb işçiləri də səlahiyyətli şəxslərin öz işlərini layiqincə yerinə yetirməməsi ucbatından çarəsiz qalmışdı. Dərman çatışmır, gigiyena qaydalarına əməl edilmir və ölümcül infeksiyalar yayılırdı. Xəstələr yaxşı qidalanmır, tibb ləvazimatı çatışmırdı. Naytinqeylin Üsküdarda keçirdiyi ilk qış mövsümündə 4 min 77 əsgər, müharibədə aldıqları yaralardan çox, səpmə yatalaq, qarın yatalağı, xolera və dizenteriya kimi xəstəliklər ucbatından öldü. Ancaq Naytinqeyl, bu şəraitdə belə necə hərəkət etməli olduğunu bilirdi! Naytinqeyl, yoldaşlarıyla birgə, hər şeydən öncə xəstəxananın və tibb alətlərinin başdan-başa təmizlənməsinə və yaralıların hospitalda saxlanması işinin yenidən təşkil edilməsinə girişdi. Hospitalın müvəqqəti daxmalarındakı gigiyena şəraiti, çox sayda xəstənin qalması üçün əlverişli deyildi. Daxmaların hava almaması durumu daha da ağırlaşdırırdı. Ancaq İngiltərə hökuməti, gecəni gündüzə qataraq böyük fədakarlıqla işləyən Florensə köməkçi heyət göndərdi və ölüm hadisələrinin sayı sürətlə azalmağa başladı.
Florent Naytinqeyl Krım müharibəsi dövründə statistik analiz metodunu ilk dəfə tətbiq edən şəxs oldu!
Florens inanırdı ki, ölüm hadisələrinin çox olmasının səbəbi ərzaq və dərmanların çatışmaması, habelə tibb işçilərinin sayının azlığıdır. O, İngiltərəyə qayıdandan sonra da öz fikrindən dönmədi və əsgərlərin çox əlverişsiz şəraitdə yaşadıqlarını sübut etmək üçün dəlillər toplamağa başladı. O, bu dəlilləri ordu rəhbərliyinə təqdim etmək üçün toplayırdı. Ancaq əldə etdiyi nəticələr başqa bir mənzərəni də ortaya çıxardı. Məlum oldu ki, ölüm hadisələrinin çoxu gigiyena şəraitinin qənaətbəxş səviyyədə olmaması üzündən baş verirdi. Ancaq onun buradan əldə etdiyi acı təcrübələr, bundan sonrakı karyerası üçün çox vacib idi. Binanın təmizliyindən çox gigiyenaya fikir verən Naytinqeyl, sülh dövründə əsgər ölümlərinin azalmasında böyük rol oynayaraq, xəstəxanalardakı gigiyena şəraitinin yenidən gözdən keçirilməsinin önəmini vurğuladı.
“Qoruyucu mələk” əfsanəsi
Krım müharibəsi dövründə çətin şəraitdə gecəni gündüzə qataraq yaralılara baxdığı üçün, əsgərlər Florens Naytinqeylə “lampalı qadın” deyirdilər. “Tayms”da dərc edilən bir məqalədə “qoruyucu mələk” kimi təqdim edilən Florens Naytinqeyl haqqında deyilirdi ki, onun kölgəsi xəstəxananın bütün koridorlarında gəzir, onu görən hər kəsin üzünə təbəssüm və dinclik yayılır. Axşam bütün tibb işçiləri evə gedəndən sonra, Florens lampanı əlinə alaraq xəstəxananı gəzir və ölümlə mübarizə aparan taqətsiz insanları tək başına ruhlandırmağa çalışırdı.
Bu, İngiltərənin ən uzunömürlü əfsanələrindən biri olacaq və Florens Naytinqeyl, tarixçi Rafael Samuelin də dediyi kimi, İngiltərənin qəhrəmanlarından birinə çevriləcəkdi!
BBC-nin məlumatına görə, Florens Naytinqeyl 1857-ci ildə İngiltərəyə bir qəhrəman kimi qayıtmış və demək olar ki, kraliça Viktoriyadan belə daha məşhur olmuşdu!
Ancaq əfsanəyə çevrilmiş Florens Naytinqeyl həddindən artın çox işlədiyindən fiziki cəhətdən çox zəifləmiş və “Malta qızdırması”na (brüsselyoz xəstəliyinə) tutulmuşdu. Artıq onun özünə baxmaq lazım gəlirdi. Lakin onun işdən qalmaq kimi bir niyyəti yox idi.
O yataqdan durmamalı olduğu halda, kraliça Viktoriyanın dəvətini qəbul edərək, Krallıq Ordu Sağlamlığı komissiyasının yenidən təşkilatlandırılması işində önəmli rol oynadı. Fəqət qadın olduğu üçün, bu komissiyada ona rəsmi surətdə yer verməmişdilər! Onu rəsmi işçi kimi götürməmişdilər! Çünki o, QADIN idi! Bu acı reallığı oxumaq və eşitmək belə insanı dəhşətə salır!
Müalicə turizminin əsasını qoyan QADIN!
Florens Naytinqeyl Türkiyədə olanda onun adına bir yardım fondu təşkil edilmiş və bu yardımların tibb bacılığı təhsilinə xərclənməsi nəzərdə tutulmuşdu. Bundan əlavə Naytinqeyl, 1856-cı ildə Türkiyədən göndərdiyi məktublarla, hal-hazırda “müalicə turizmi” adı verilən yeni bir anlayışın əsasını qoyurdu. O öz məktublarında, Türkiyədəki isti bulaqları tərifləyir, xəstələrin müalicəsi, pəhriz və başqa vacib mövzularda məlumatlar verirdi.
1859-cu ildə Naytinqeyl fondunda 45 min sterlinqdən artıq pul toplanmışdı. Bu pulla, Müqəddəs Tomas xəstəxanası nəzdində “Naytinqeyl yetişdirmə məktəbi” açıldı. (Londonda yerləşən bu xəstəxana hal-hazırda “Florens Naytinqeyl tibb bacılığı və mamalıq məktəbi” adını daşıyır.)
O, sözün əsil mənasında bir FƏDAKAR idi! ...O, hətta işinə maneə törətməsi ehtimalını nəzərə alaraq, ona edilən bütün izdivac təkliflərinə mənfi cavab vermişdi. Bütün ömrünü, şəxsi həyatını başqalarının sağlamlığının qorunması işinə qurban vermiş bu fədakar qadın dünya üçün önəmli işlərin əsasını qoydu. Bu yerdə ümummilli lider Heydər Əliyevin “Təbabət insan biliklərinin və əməli fəaliyyətin bütün başqa sahələrindən daha artıq dərəcədə ümumbəşəri xarakter daşıyır!” sözlərini xatırlamaq necə də yerinə düşür...
Naytinqeyl, “Tibb bacılığı haqqında qeydlər” adlı kitabını 1860-cı ildə nəşr etdirdi. Tibb bacılığı ixtisasına sadə bir giriş mahiyyətində olan bu kitab yüksək tirajla çap edildi. Naytinqeyl, bundan sonrakı ömrünü tibb bacılığı ixtisasını inkişaf etdirməyə, çağdaş səviyyəyə çatdırmağa, onunla məşğul olanlara pul və etibar qazandıran bir ixtisas halına gətirməyə həsr etmək istəyirdi.
Hətta dərman sektorunun yenidən tənzimlənməsində də hökumət Naytinqeylin tövsiyələrinə müraciət etmişdi!
Naytinqeyl öz fikirləriylə ABŞ Səhiyyə Komissiyasının qurulmasına da ilham vermişdi!
O, 1869-cu ildə qızlar üçün tibb kollecini açdı və bir ildən sonra Amerikanın ilk təhsilli tibb bacısı olan Linda Riçardsı yetişdirdi. Onun yetişdirməsi olan Riçards sonralar Amerikada və Yaponiyada tibb bacılığı ixtisasının qabaqcıllarından biri oldu.
1883-cü ildə kraliça Viktoriya onu “Krallıq Qızıl Xaçı” Ödülünə layiq gördü! Həmin zaman o şöhrətinə görə kraliçanı belə geridə qoyurdu!
...Və bir gün
...Bu qədər fədakarcasına və çox işləməyin hesabını vermək lazım gələcəkdi. Naytinqeyl, çağdaş tibb elmində “xroniki yorğunluq sindromu” adıyla bilinən xəstəliyə tutulmuşdu. O, öncə görmə qabiliyyətini itirdi. 13 avqust 1910-cu ildə, arxasında bəşəriyyətə xidmət etmək idealıyla hörülmüş əziyyətli bir ömür yolu qoyaraq “Park Lane South” küçəsindəki evində 90 yaşında bu dünyadan köçdü.
Naytinqeyl bunu görə bilməsə də, onun həyatını həsr etdiyi ixtisas, zamanla mötəbər ixtisaslardan birinə çevrildi! Beynəlxalq Qırmızı Xaç Komitəsinin 1912-ci ildə keçirilən 9-cu konfransında yaralı əsgərlərə kömək edən tibb bacılarını təltif etmək üçün təsis edilmiş medala “Florens Naytinqeyl” adı verildi. Həmin konfransdan bəri səhiyyə sahəsində 40 ildən çox təcrübəsi olan, Qızıl Xaç və ya Qızıl Aypara Cəmiyyəti ilə fəal əməkdaşlıq edən, xüsusən döyüş bölgələrində çalışan tibb bacıları “Florens Naytinqeyl” medalı ilə təltif olunur.
1971-ci ilin 12 mayından etibarən həmin gün beynəlxalq səviyyədə Florens Naytinqeylin şərəfinə Tibb Bacıları Günü kimi qeyd olunmağa başladı. Bu günə qədər dünyada 1337 nəfər bu mükafata layiq görülüb, onlar arasında azərbaycanlılar da var ki, bu insanı sözün əsil mənasında qürurlandırır.
Tədbirin sonunda tibb bacılarını bu gün münasibəti ilə bir daha təbrik edildi və təşkilatımız adından USAİD və İREX-in logosu olan bloknotlar və qələmlər hədiyyə olundu

Комментариев нет:

Отправить комментарий