воскресенье, 13 марта 2011 г.

ŞIRVAN İCMA MƏLUMAT MƏRKƏZİNDƏ MİLLİ TEATR GÜNÜ QEYD EDİLDİ

Tədbirə Şirvan şəhər Xalq teartından aktyor Elşən Hüseynov da dəvət edilmişdi.
Tədbiri giriş sözü ilə İşıq qəzetinin jurnalisti Yaqut Vafiq qızı bu günün yaranma tarixi haqqında məlumat vererək qeyd etdi ki, Azərbaycanda lap qədimlərdən elə xalq mərasimləri, el şənlikləri vardı ki, orada çağdaş teatrın estetik prinsiplərini təcəssüm etdirən oyunlar mövcud idi.
“Sayaçı”, “Yuğlama”, “Yel baba”, “Cütçü şumu”, “Kəvsəc”, “Kosa-kosa”, “Qaravəlli” və bu kimi xalq mərasim və oyunları milli xalq teatrımızın inkişaf mərhələlərini təminatlandırıb. Haqqında söhbət gedən oyunların zəminində xalq dram əsərləri yaranıb. Həmin əsərlərin əsas mövzusu məişətdən götürülüb və xeyrin şərə, haqqın nahaqqa, düzlüyün yalana qələbəsini təcəssüm etdirib.Bütövlükdə “Kilimarası” kimi ümumiləşdirilən xalq oyunlarının çağdaş Kukla teatrının peşəkar səviyyəyə çatmasında böyük əhəmiyyəti olub.
Kilimarasının “Şah Səlim”, “Qaragöz”, “Maral oyunu”, “Kaftarkus”, “Keçəl pəhləvan” kimi məşhur oyunları var. Bunların arasında kölgə-xəyal tamaşaları da göstərilib.
Orta əsrlərdə Azərbaycanda “Şəbih” tamaşaları geniş intişar tapıb. Şəbih oyunları məhərrəm ayında göstərilib və Aşura günü daha təntənəli kütləvi şəkil alıb. Şəbih tamaşaları müsəlmanlığın şiə qolunun təmsilçilərinin yaşadıqları ərazidə daha geniş intişar tapıb. Şəbih tamaşalarında Həzrət Əlinin kiçik oğlu, imam Hüseynin və onun ailəsinin başına gələn faciəli hadisələrdən bəhs edilir. Müxtəlif süjetli pyeslər, əsasən Kərbəla şəhəri yaxınlığındakı tarixi hadisənin başqa-başqa bədii yozumlarından ibarətdir. Azərbaycan milli xalq teatrında müxtəlif maskalardan istifadə edilib. Bunların da arasında ən məşhurları “keçəl”, “kosa” və “keçi” maskalarıdır. Xalq oyunlarını təşkil edib keçirənə baş oyunbaz, şəbihlərin təşkilatçısına, başqa sözlə rejissoruna, şəbihgərdan deyilib. Daha çox komediya, məsxərə, məzhəkə, satira əsasında hazırlanan xalq tamaşaları və faciə janrlı şəbih tamaşaları bütövlükdə meydan teatrı adlanır. Meydan teatrının öz estetikası, öz ifadə vasitələri, öz forma orijinallığı, bütövlükdə bənzərsiz poetika özəllikləri var. Elə poetika göstəriciləri ki, həmin sənət amilləri çağdaş Azərbaycan peşəkar milli teatrının təşəkkülündə, inkişafında və formalaşmasında əsaslı rol oynayıb.
On doqquzuncu əsrin qırxıncı və əllinci illərində Azərbaycanın Şuşa və Şamaxı şəhərlərində teatr binaları tikilib. Həmin binalarda müxtəlif müsamirələr keçirilib. Ancaq təəssüflər olsun ki, bu teatr binalarında göstərilən tamaşalar barədə əldə heç bir tarixi sənəd (məsələn, afişa, elan, tamaşa proqramı və sairə) yoxdur. Məhz buna görə də tarixi fakt - sənədə əsaslanaraq milli peşəkar (professional) teatrımızın təşəkkül tarixini 10 mart 1873-cü ildən götürürük. Qafqazın XIX əsrdə siyasi və mədəniyyət mərkəzlərindən sayılan Tiflisdə yaşayan on minlərlə azərbaycanlıdan biri də Mirzə Fətəli Axundzadə idi. Canişinliyin dəftərxanasında qulluqda olan kapitan Mirzə Fətəli Axundzadə 1850-1852-ci illərdə “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanının vəziri”, “Müsyö Jordan və dərviş Məstəlişah”, “Hacı Qara”, “Xırs Quldurbasan”, 1855-ci ildə “Mürafıə vəkilləri” komediyalarını yazıb oxuculara təqdim etmişdi. “Təmsilat” adlanan bu altı əsər qısa müddətdə fars, fransız, rus, alman, gürcü... dillərinə tərcümə edilmişdi. Hətta Tiflisin ev teatrlarında rus dilində göstərilmişdi. Peşəkar dramaturgiyamızın təşəkkülü milli peşəkar teatrın doğuluşundan 23 il əvvəl baş verib.
Bakı realnı məktəbin müəllimi, görkəmli maarifpərvər, Azərbaycanda ilk mətbu orqanı olan “Əkinçi” qəzetinin naşiri (1875) Həsən bəy Zərdabi öz şagirdləri Nəcəf bəy Vəzirovun və Əsgər bəy Adıgözəlov Goraninin rəhbərliyi ilə tamaşa hazırladılar və Novruz bayramında “Nəciblər” klubunda göstərdilər. Tamaşa Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası idi və 10 mart 1873-cü ildə oynanıldı. Ona görə də milli peşəkar teatrımızın tarixi həmin gündən hesablanır.
Bir müddət sonra, aprelin 17-də həmin dəstə dramaturqun “Hacı Qara” komediyasını da oynadı. Bunun ardınca Tiflisdə (1873), Qubada (1875), Şəkidə (1879), Şuşada (1883), Naxçıvanda (1883), İrəvanda (1882) teatr həvəskarları, yəni yerli ziyalılar və məktəb şagirdləri tamaşalar hazırlayıb göstərirdilər. 1880-ci illərin ikinci yarısından Bakıda teatr həyatı bir qədər canlanıb. Tiflisdə Aleksandrinski ali məktəbində təhsil alıb Bakıya göndərilmiş müəllimlərdən Həbib bəy Mahmudbəyov, Sultanməcid Qənizadə və Nəcəfqulu
Vəliyev, Novruz, Orucluq, Qurban bayramlarında tamaşalar hazırlayıb teatrsevərlərə təqdim edirdilər. 10 mart 1873-cü il həm milli peşəkar teatrımızın və eyni zamanda həm də
bugünkü Akademik Milli Dram Teatrının yaranma tarixidir.
Tədbirin sonunda aktyor Elşən Hüseynov şerlər oxudu.

Комментариев нет:

Отправить комментарий